2012/08/02

Bağdakı Gülləri Gizlicə Gəlib Yeyən Bülbül (1 Video)

Bakı Dövlət Universitetinin 3-cü kursunda oxuyarkən 2010-cu ilin iyun ayında AZUS şirkəti tərəfindən təqdim olunan Work and Travel proqramı əsasında Amerika Birləşmiş Ştatlarının İllinois ştatına getdim. Çikaqo şəhərində yaşadığımdan tez-tez şəhərə çıxıb füsunkar mağazaları gəzmək adama çox xoş təsir bağışlayırdı. Bir gün texnika mallarının satıldığı bir mağazada olarkən Sony DCR-SX44 markalı təxminən 270$ məbləğində bir video kamera diqqətimi çəkdi. Çox düşünmədən alıb (vergi puluna ödədikdən sonra, 311$-a başa gəldi) qaldığım otelə gətirdim, ancaq nədənsə ondan bir ay öncə Sony Cybershot DSC W200 markalı kiçik bir rəqəmsal kamera aldığımdan şəhərə çıxdıqda onu yanımda götürüb, maraqlı mənzərələri onunla çəkirdim. Buna görə də, adını birinci qeyd etdiyim kameraya ehtiyacım olmurdu. Azərbaycana qayıtdıqdan sonra da, rəqəmsal kamera həm ölçü baxımdan, həm də yüksək keyfiyyətdə şəkillər çəkdiyindən yenə ona bağlı qaldım və video kameram yenə unudularaq evin bir küncündə qaldı.
2011-ci il sonuncu kurs olduğumdan, həm universiteti bitirməklə bağlı həyəcan, həm də qarşıdan əsgərliyin gəlməsi ilə əlaqədar baha qiymətə video kamera aldığımı tamamilə çıxartmışdım yadımdan, sanki məndə elə bir şey heç olmamış kimi. 2011-ci ilin iyul ayında hərbi xidmətə çağırıldığımdan xidmət etdiyim Gəncə şəhərində mülki həyat barədə düşünməyə çox vaxtım oldu. Xatırladığım hər şeyi, hər kəsi yadıma salaraq beynimdə hissə-hissə analiz etdim. Belə araşdırmalardan birində Dünyanın o başından video kamera aldığımı və hətta bir dəfə belə olsun ondan istifadə etmədiyimi xatırladım və elə o andaca özümə söz verdim ki, əsgərlikdən qayıtdıqdan sonra, mütləq ondan istifadə edib nə işə yaradığını müəyyənləşdirəcəm. Aradan uzun zaman keçdi və hərbi hissədən tərxis oldum. Bir həftə dincəldikdən sonra, yadıma həmin kameranı salaraq evin bir küncündən tozlu halda tapıb çıxartdım. Yaxşı ki orginal qutusunun içində qaldığından qutunu toz örtsə də, cihaz özü təmiz şəkildə qalmışdı. Əlimə aldıqdan sonra bir müddət keçmişi xatırlasam da, sonra ondan istifadə etməyi qərara aldım. Tam şəkildə şarj edib həyətə düşdüm və video kamera ilə kənardan bağımızdakı güllərə yüksək yaxınlaşdırma qabiliyyəti sayəsində baxmağa başladım və bu zaman videoada gördüyünüz mənzərəni görüb çəkə bildim. Neçə vaxtdır güllərin anlaşılmaz şəkildə solub məhv olduğu evdəki hamını təəccübləndirmişdi, ancaq "cinayətkar"ın kim olduğunu heç kim bilmirdi. Bu video ilə mən həm də "gül qatili"ni özünün ifşa olunmasından heç xəbəri olmadan yaxalamış oldum. :)

ShareThis