2012/08/01

Cinsi Əlaqənin Olmadığı Bir Ailəni Dağılmaqdan Necə Xilas Etmək Olar?

          Ailə həyatı qurmuş birinin cinsi həyata marağı olmamasından daha pis heç bir şey ola bilməz. Bəzi hallarda bu vəziyyətdən kişilər, bəzi hallarda isə həyat yoldaşının ona qarşı qeyd olunan məsələdə laqeydlik göstərməsindən qadınlar əziyyət çəkirlər. Hər bir halda, bu cür problemi olan bir ailənin iztirablı ailə həyatı olduğu dəqiqdir. Əksər insanlar həyat yoldaşlarındakı bu anormal halın aradan qaldırılması üçün, yaxud onun ən azından normal cinsi aktivliyini geri qaytarmaq üçün mümkün olan hər bir şeyi edirlər və bu siyahıya da ilk növbədə fiziki və psixoloji müalicələri daxil etmək olar. Təəssüf ki, müalicə bir nəticə vermədikdə artıq tərəflərdən biri, yaxud hər ikisi boşanmaq haqqında düşünməyə başlayırlar və bu da son nəticədə böyük ümidlərlə qurulmuş daha bir ailənin məhv olmasına gətirib çıxarır. Lakin bilməlisiniz ki, əgər sizin həyat yoldaşınızın cinsi əlaqəyə marağı hər hansı bir səbəbdən yoxdursa, bu, onu yarı yolda buraxaraq boşanmanız üçün əsaslı bir göstərici olmamalıdır. Diqqət yetirməli bəzi şeylər var ki, əgər onları etsəniz bəlkə də bu, sizin boşanmaq fikrinizdən daşınmanıza, hətta həyat yoldaşınızın seksual istək probleminin aradan qalxmasına kömək edəcəkdir.

         Hər şeydən öncə, siz dəqiqləşdirməlisiniz ki, sizin ailə həyatı qurduğunuz insan həqiqətən də intim həyata heç bir maraq göstərmir, yoxsa siz cinsi əlaqə zamanı həyat yoldaşınızdan daha çox “fədakarlıq” gözləyirsiniz. Onu da nəzərə almalısınız ki, cinsi əlaqənin olmadığı bir ailə həyatı dedikdə, ailədə ailə başçıları arasında bu aktın ümumiyyətlə həyata keçirilməməsi nəzərdə tutulur. Əgər siz bir neçə ayda cəmi bir-iki dəfə həyat yoldaşınızla cinsi əlaqədə olursunuzsa, bu cinsi əlaqənin olmadığı bir ailə həyatı yox, fərdlər arasında intim münasibətlərin o qədər də normal olmadığı bir ailə həyatıdır.
Normal bir evliliyin birdən-birə, yaxud tədricən belə bir vəziyyət almasının bir çox səbəbləri ola bilər. Gəlin, o səbəblərdən ən çox rast gəlinənləri ilə tanış olaq: 1) Həddindən artıq işlərinizin olması, yaxud nizamsız iş həyatınızın olması; 2) Həyat yoldaşınızla ünsiyyət qurmaqda çətinlik çəkməyiniz; 3) Həyat yoldaşınıza olan etibarınızın itməsi; 4)  Ailənizdə olan maliyyə problemləri; 5) Əsəbi həyat tərzi keçirməyiniz, yaxud tez-tez depressiyalara qapılmağınız; 6) Uşaqlarınızın ehtiyaclarını ödəməkdən intim münasibətlərə zaman ayıra bilməməyiniz; 7) İntim əlaqə zamanı bir-birinizi lazımı qaydada anlaya bilməməyiniz; 8)  Yaşlanmağınız; 9) Cinsi əlaqəyə olan marağınızın itməsi; 10) Sağlamlığınıza diqqət yetirməməyiniz nəticəsində sizə günlük həyatınızda çətinliklər yaradan hər hansı bir xəstəliyə yoluxmağınız.
Göstərilənlər normal cinsi həyatı olan bir ailənin intim aktların ümumiyyətlə olmadığı bir həyata çevrilməsinə gətirib çıxaran ən başlıca səbəblər idi. Bununla yanaşı, bəzi başqa səbəblər də bu cür arzuolunmaz halın yaranması ilə nəticələnə bilər. Məsələn, ailədə fərdlər arasında cinsi əlaqənin həyata keçirilməsi üçün əsas kimi çıxış edən sevgi hissindən əsər əlamətin olmamasını buna aid etmək olar.
Yeri gəlmişkən, qeyd olunan məsələyə dair bəzi maraqlı faktlarla da tanış olun: a) Amerika Birləşmiş Ştatlarındakı Əhalinin Sağlamlığı və Sosial Həyatı idarəsinin statistikasına əsasən, məhkəməyə boşanma ərizəsi ilə müraciət etmiş şəxslərin 2%-i həyat yoldaşı ilə cinsi əlaqədə ola bilmədiyini əsas göstərir. b) Hər gün xeyli sayda ailə fərdlər arasında cinsi əlaqənin olmaması səbəbindən edilmiş şikayət əsasında məhkəmələrin qərarı ilə dağılır. c) İntim həyatın olmadığı ailələrdə cinsi əlayə maraq göstərməyənlərin əksər hissəsini qadınlar yox, kişilər təşkil edir. d) Ailə başçıları arasında cinsi həyata marağın olmaması istənilən yaş dövründə yarana bilər. Bu halın yalnız yaşlı insanlar arasında baş verməsi fikri düzgün deyil. e) İntim həyatın sıfıra bərabər olduğu ailələrin çoxu mövcudluğunu qoruyub saxlaya bilməyərək dağılır.
Bu problemi yaşayanların əksəriyyəti onun aradan qaldırılmasının qeyri-mümkün olduğunu düşünüb həyat yoldaşlarının intim həyata dair olan anormal münasibətindən bezərək boşanmağa qərar verirlər. Bir şeydən əmin olmalısınız ki, bu olduqca yanlış bir addımdır. Siz ailənizi qoruya bilərsiniz. Uzun illər ərzində özünü doğrultmuş, çoxlu sınaqlardan keçmiş bəzi xırda məsləhətlər vardır ki, hələ də əhəmiyyətini itirməmişdirlər və ailə həyatınızın normal axarında getməsinə böyük kömək edə bilərlər. Bəzi cütlüklər bəhs edilən arzuolunmaz hal ucbatından belə məsləhətlərə əməl etməyi ya unudurlar, ya da heç fikirləşib tapa bilmirlər və buna görə də evlilik dönəmlərində heç olmasa bir dəfə də tətbiq etmə imkanları olmur. Sonra peşman olmamaq və ailə həyatınızı qorumaq məqsədi ilə aşağıda göstərilənlərə diqqətli şəkildə nəzər salın: a) Həyat yoldaşınızla şam işığında romantik bir axşam yeməyi yeyin; b) Həyat yoldaşınızla ehtiraslı söhbətlər etməyə çalışın; c) Həyat yoldaşınızla erotik xarakterli filmlər izləməyə çalışın; d) Həftə sonlarını və boş zamanlarınızı imkan daxilində evdən uzaq baş-başa keçirməyə çalışın; e) Həyat yoldaşınızla seksual xarakterli fantaziyalarınızı paylaşmağa çalışın; f) Yataq otağınızdan diqqət yayındıran hər şeyi, o cümlədən televizoru kənarlaşdırın.
Qeyd etmək lazımdır ki, həyat yoldaşınızın intim əlaqəyə heç bir marağı yoxdursa, bu zaman ən böyük məsuliyyət ilk növbədə sizin üzərinizə düşür. Belə ki, onunla onun bu vəziyyətdə olmasına səbəb olan amillər barədə münasib bir zamanda, sakit halda söhbət etməyə çalışın. Qəti şəkildə söhbət əsnasında onu bu mövzuda özündən çıxaracaq söz və ifadələr işlətməyin və ya onun üzərinə çox gedib qəlbini incitməyin, çünki bu, vəziyyəti daha da çıxılmaz edə bilər. Qarşılıqlı söhbət zamanı ona qarşı mehriban, səmimi və dürüst olmağı da unutmamalısınız. Onu razı sala bilsəniz, əgər seksual istəyinin olmaması fiziki problem deyilsə, bu məsələ ilə əlaqədar bir psixoloqa görünməyinizdə də fayda ola bilər. Lakin nəzərə almalısınız ki, bunun da bəzi neqativ cəhətləri vardır: a) Psixoloji müalicə lazımı nəticə verməsi üçün uzun zaman tələb edir və bu müalicə nəticə verməyəcəyi təqdirdə, həyat yoldaşınızın əsəbi sarsıntılar keçirməsinə səbəb ola bilər; b) Psixoloji müalicə müəyyən xərc tələb edir və maddi imkanı aşağı olan şəxslər üçün bu, çətinlik yaradır; c) Psixoloji müalicə zamanı həm həyat yoldaşınızın, həm də sizin ona mənəvi dəstək olmaq üçün bir yerdə olmağınız məqsədəuyğundur; d) Psixoloji müalicə heç də bütün cütlüklər üzərində dəqiq şəkildə nəticə verməyə bilər. 
Həyat yoldaşınızın seksual istəyi yox dərəcəsindədirsə, siz “Zaman ən yaxşı dərmandır” deyərək, həyatınıza hər zamankı kimi davam etməməlisiniz. Çünki zamanın da düzəldə bilmədiyi şeylər olur ki, hansı ki bu sonra ailənizin dağılması ilə nəticələnərək sizə baha başa gələ bilər. Ona görə də, problem yarandığı andan, yaxud problemi siz aşkar etdiyiniz vaxtdan onun aradan qaldırılması üçün imkanlarınız daxilində nə mümkündürsə etməlisiniz. Bəzi insanlar bu məsələyə vaxtında önəm verməyərək laqeyd yanaşırlar, yaxud həyat yoldaşlarının cinsi əlaqəyə maraq göstərməməsi onları susmaqla müşayiət olunan dərin üzüntüyə salır və bu “sakitlik” daha sonralar ailədə boşanma ilə nəticələnən xaos yaranmasına gətirib çıxarır.

Sonda, ailənizi sevin və onun mövcudluğunu nə bahasına olursa olsun qoruyun. Unutmayın, əgər ailə saf məhəbbət və qarşılıqlı inam və hörmət üzərində qurulmuşdursa, ailə başçılarının öhdəsindən gələ bilməyəcəkləri problem yoxdur... 

P.s. Məqaləni tam bir gecəmi sərf edərək şəxsən tərcümə edib bəzi düzəliş və əlavələr edərək bloqumda yerləşdirdim. Əgər bu məqaləni başqa bir səhifədə yayımlamaq və bu tipli maraqlı məlumatların ardının gəlməsini istəyirsinizsə, mütləq mənbəyə istinad edin əks halda əziyyətimi halal etmirəm... :)

ShareThis