2012/12/22

Bir Bloqda Bəyənilməyən 10 Şey


Bir bloqda ən çox bəyənilənləri sadalamazdan öncə istərdim ki, hər hansı bloqda ən çox bəyənilməyən şeyləri qeyd eləyim. Misal üçün, bir bloq yaratmısınız, bilmək istəyirsiniz ki, bloqu necə tərtib edəsiniz ki, başqalarının da həm diqqətini çəkə, həm də daha çox ziyarətçi kütləsinin bloqa gəlməsini təmin edə. Hər şeydən əvvəl, bloqun xarici görkəmi çöx önəmlidir. Bloqda səliqə-sahman olduqdan sonra bloqa ən azı bir dəfə girib ona lazım məlumatı tapan internet istifadəçisi, əmin ola bilərsiniz ki, növbəti dəfə də bloqda onun maraqlarına uyğun bir şeylərin olub-olmadığını yoxlamaq məqsədi ilə girəcəkdir. Əksini fərz eləsək, bloqunuz nə qədər gözəl və fərqli məlumatlarla dolub-daşsa belə, əgər onun xarici görkəminə önəm verməmisinizsə, bloqa bir dəfə girən, bir daha girmək istməyəcəkdir. 
Uzun sözün qısası, yazdıqlarımı ümumiləşdirsəm, bir bloqda ən çox bəyənilməyənlər aşağıdakılardır:
  • Bloqu dörd bir yandan "mühasirəyə almış" saysız-hesabsız reklamlar;
  • Bloq üçün uyğun olmayan temanın (üz qabığının) seçilməsi;
  • Çox böyük, yaxud çox kiçik ölçüdəki şriftlərlə yazılmış yazılar;
  • Çox uzun olan, maraqsız və oxu-oxu bitməyən yazılar;
  • Azərbaycan əlifbasındakı hərflərdən (ü, ğ, ç, ş, ə, ı, ö) istifadə edilməyərək yazılmış yazılar;
  • Nəyinsə, ya da kiminsə reklam edilməsinə yönəlmiş yazılar;
  • Hər hansı məlumata şərh qismində xoşagəlməz fikirlərin yazıldığı yazılar;
  • Yazıya uyğunlaşdırılmamış şəkillər və ya ölçü seçimindəki yanlışlıqlar ucbatından yazının görünüşünü bərbad vəziyyətə salan şəkillər;
  • Bloqda başqa sayt və bloqlara verilən linklərin həddindən artıq çoxluğu;
  • Bloqda texniki cəhətdən çatışmazlıqların olması (arxivin olmaması, bir səhifədən digər səhifəyə keçidin yerləşdirilməməsi, axtarış bölməsinin olmaması, yazılarda yerli-yersiz müxtəlif rənglərdən istifadə edilməsi və s.).
Sonda, onu da qeyd etmək yerinə düşər ki, ola bilsin mənim bloqumda da, yuxarıda sadaladığım nöqsanlardan bəziləri olsun. Bloqu yaratdığım zamandan bu günə kimi bloqda narahatçılıq yaradan nələrinsə olmamasına çalışmışam. İlk yerləşdirdiyim məlumatlarda hər hansı nöqsanların olması isə, bloq dünyasında yeni olmağım, yəni təcrübəsizliyimlə əlaqədar olmuşdur. Ümid edirəm ki, bloqun indiki halından razısınız. Hər hansı təklif və ya iradlarınız olsa belə, zəhmət olmasa qeyd edin, nəzərə alaram. :)

ShareThis