Urmiya gölü Cәnubi Azərbaycan və
İranın ən böyük gölüdür. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri
quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər.
Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə
təkcə bitkilərə deyil, həm də həyatı ora ilə əlaqədar olan quşlara və başqa
heyvanlara mәnfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd
edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən hazırda görülən
tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, ekoloji fəlakətlər
yaşanmayıb, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır. Əks təqdirdə
ətraf aləm üçün həmin zona yaşamın qeyri-mümkün ola biləcəyi bir səviyyəyə
gəlib çıxacaqdır. Gölün qurumaması üçün ildə ən azı 6,000,000,000m3 suya
ehtiyacı vardır. Gölün bu suya olan tələbatı isə illərdir ödənilmədiyindən,
gölün suyu ötən 10 ildə 6m dərinliyində aşağı düşüb. Gölün həcmi də buna
müvafiq təxminən 20% azalıb. Gölün yarandığı zamandan bu yana bu kimi hal
baş verməmişdir. Hətta vəziyyət o yerə gəlib çıxıb ki, göldəki 9 adadan beşi
artıq suyun çəkilməsi nəticəsində quru səhtlə birləşiblər. Bunun nəticəsində də
120,000 hektar şoran torpaq (duz səhralığı) yaranıb.
Gölün
qurumasının iki başlıca səbəbinin olduğu güman edilir:
1. Təbii
səbəblər: Yağıntının azlığı. Gölün su səthi 2008-ci ildə 2007-ci
illə müqayisədə 18sm daha aşağı enib. Ancaq 2009-cu, 2010-cu və
2011-ci illərdə yağıntın çoxalmasına baxmayaraq, su səthi yenə azalıb və bu,
kosmosdan çəkilmiş görüntülərdən də aşkar surətdə aydın olur. Məsələnin maraqlı
yanlarından biri də ondan ibarətdir ki, İran sərhədinə çox yaxınlıqda yerləşən
və Urmiya gölü ilə eyni tarixə və yaranma şəraitinə malik Türkiyə ərazisindəki
Van gölünün suyunda azalma hiss olunmur.
2. Təbii
olmayan səbəblər (antropogen təsir, siyasi amillər): Əkinçilik məqsədi ilə gölə
tökülən çaylardan çoxlu əlavə kanallar çəkmək, onlar üzərində müxtəlif
məqsədlər üçün su bəndləri salmaq, təsərrüfatda ərazinin ekologiyası nəzərə
alınmadan bitkilərin əkilməsi, su quyularının çoxluğu ildən ilə bu gölün
suyunun daha da azalmasına gətirib çıxarmışdır. Siyasi amillərə gəldikdə isə,
məlum olduğu kimi, bu göl Cənubi Azərbaycanda azərbaycanlıların sıx
məskunlaşdığı ərazidə yerləşir. Gölə qarşı İran hakimiyyəti tərəfindən ögey
münasibətin göstərilməsində güman olunan səbəblərdən biri məqsədli şəkildə
gölün qurudulmasına nail olmaq və ərazidə ekoloji böhranın baş verməsi ilə sıx
şəkildə məskunlaşmış milyonlarla azərbaycanlının məcburiyyət qarşısında ölkənin
dörd bir yanında pərən-pərən düşməsinə nail olunmaqdır. İran hakimiyyət
orqanlarının zənnincə, belə olan halda, artıq növbəti onilliklərdə
azərbaycanlıların daha sürətli şəkildə assimilyasiyaya uğramasına nail olmaq
mümkün olar. Gölün su səviyyəsinin son illərdə azalması bu məsələnin siyasi amillərlə bağlı
olma ehtimalını daha da artırır. ABŞ və Avropa tərəfindən İrana qarşı
sərt mövqeyin nümayiş etdirilməsi, embarqolara məruz qoyulması və hətta bir
neçə dəfə ABŞ konqresmenlərindən bəzilərinin İranın Şərqi Azərbaycan ostanının
(vilayətinin) müstəqil Azərbaycan Respublikası ilə birləşdirilməsinin labüdlüyü
məsələsini səsləndirməsi həqiqətən də İran hakimiyyət orqanlarında ölkənin
parçalanmasının mümkünlüyü qorxusunu yarada bilər. Bu baxımdan da ərazidə
ekoloji böhranın yaradılması ilə İran hakimiyyəti həm əhalinin siyasi
məsələlərdən uzaq tutulmasına, həm də azərbaycanlıların say tərkibinin region
üzrə azaldılmasına nail olmağı qarşıya bir məqsəd kimi qoymuş ola bilər.
Bütün bunları nəzərə alaraq, Urmiya gölünün suyunun azalması və
qabaqlayıcı tədbirlərin görülməməsi bunun öncədən məqsədyönlü şəkildə
planlaşdırılmış bir mərhələ olması ehtimalını gücləndirir.
P.S. Aşağıdakı şəkillərdə həm Urmiya gölünün müasir vəziyyətini fotoqraflar tərəfindən çəkilmiş şəkillərlə, həm də Kosmosdan çəkilmiş görüntülərlə görəcəksiniz. Fərqi hiss etmək artıq sizin öhdəliyinizdədir...
Kosmosdan Görüntülər