2012/12/16

Azxeber.Com Xəbər Portalı Qısa Zamanda Necə Məşhurlaşdı?!

İnternetdə az və ya çox dərəcədə vaxtını keçirməyi xoşlayan hər kəs, gün ərzində ən azı bir dəfə də olsa xəbər saytlarından birinə daxil olaraq gündəmdəki məsələlərdən xəbərdar olmaq istəyir. Misal üçün, mən gün ərzində bir neçə dəfə tanınmış bəzi Azərbaycan xəbər portallarını, o cümlədən bəzi Türkiyə xəbər saytlarını, bəzən də xarici ölkələrin informasiya saytlarını nəzərdən keçirməyi və oradakı məqalələrlə, dünyada və ya ölkəmizdə baş verən ən son hadisələrlə tanış olmağı çox xoşlayıram. Düzdür, xəbər saytlarında yazılanlar onsuz da hər zaman tam reallıqları əks etdirmir, özü də ki, Azərbaycan xəbər saytlarında bu, özünü daha açıq-aydın göstərir. Ancaq pis-yaxşı da olsa, həmin məlumatlar insanın məlumatlanma ehtiyacını azdan-çoxdan ödəyə bilir. Nəysə, bu qədər giriş hissə, zənimcə, kifayətdir.
İndi də keçək əsl mətləbə. Sözün düzünə qalarsa, mən bu məqaləni əslində tam 11 gün bundan öncə, yəni Dekabr ayının 5-də hazırlayıb paylaşmaq niyyətində idim. Heç də hər zaman hər şey insanın planladığı kimi getmir onsuz da. Elə oldu ki, günlərcə təxirə salsam da nəhayət bu gün fikrimdə olanı reallaşdırmaq və sizlərlə də bölüşmək qərarına gəldim. Belə ki, xəbər saytları sırasında Azxeber.Com olaraq tanınan və özünü tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi təqdim edən bu xəbər saytı haqqında söhbət açmaq istərdim. Yuxarıda qeyd etdiyim tarixdə Azxeber.Com saytının rəsmi facebook səhifəsinə daxil olub səhifədə paylaşılanlarla tanış olmaq qərarına gəldim. Şəkillərdən də görəcəyiniz kimi son 24 saat ərzində səhifədə paylaşılan və xəbər saytına istiqamətlənən bəzi xəbər başlıqları aşağıdakılar idi:
1. 23 yaşlı qız özünü parkda asdı.
2. Samir Bağırov danışdı.
3. Dəhşət! Bakıda 4 yaşlı uşağa işgəncə verdilər.
4. Rəqsanənin qızının atası hansı deputatdır?
5. Elza Seyidcahandan jurnalistlərə qarşı böyük tərbiyəsizlik.
6. İlahə İbadova bunu da etdi.
7. Nazir oğlu Səfurə Əlizadəni alası olmadı.
8. Bu da oldu! Canlı yayında sehirbazı yandırdılar.
9. Canlı yayında biabırılıq: "kişi" kişi ilə evlənmək istədi.
10. Prezidentin oğlu: "Şakirə sənə xərclədiyim pulları qaytar."
11. Seksual idmançı: "Yarışlara çıxmadan öncə cinsi əlaqədə oluram."
12. Burda sekslə məşğul olmayın, kamera nəzarəti var.
13. Azərbaycanlı gəlin Türkiyədə gözəl qızları seçəcək.
14. Tanınmış müğənni: "Mən sənin ananın..."
15. Nura Suri makyajsız belə görünür.
16. Deputat əri tərəfindən vəhşicəsinə döyüldü.
17. Dünyanın ən güclü adamı: "Evə girdim və arvadımı yataqda onunla gördüm."
18. Bu qızlar özlərini satışa çıxardılar.
19. Azərbaycan şou-biznes nümayəndələrinin əsl adları.
20. Türkiyə mətbuatı azərbaycanlı müğənnidən yazdı.

Xəbər saytında paylaşılan məlumatların bir hissəsi əxlaqa zidd məlumatlardır, buna heç kəsin şübhəsi belə ola bilməz. Bundan əlavə, paylaşılan xəbərlərdə həddindən artıq hərf səhvlərinin olması və cümlələr arasındakı məntiqi ardıcıllığın pozulması tez-tez yanlış anlaşılmalara da səbəb olur. Bir dəfə xatırlayıram ki, xəbər saytının Facebook səhifəsində "G.Əhmədova əxlaqsızlıq yuvaları saxlayır" başlıqlı xəbər paylaşılmışdı. Həmin zamanlarda da, ABU-nun keçmiş rektoru E.Abdullayev tərəfindən məlum video internetdə ölkə üzrə izlənmə rekordları qırırdı. Belə bir zamanda, Azxeber.Com portalının bu başlıq altında insanların diqqətini yayındırmaq, sayta çoxlu ziyarətçi axınını təmin etmək məqsədi ilə belə bir addıma əl atması heç də yaxşı bir hərəkət deyildi, jurnalist adına xələl gətirən bir davranış idi. Xəbəri oxuduqdan sonra, məlum oldu ki, G.Əhmədova tamamilə başqa bir insandır, tək oxşarlıq isə adlarının ilk hərfinin oxşar olması olub. Bu şansdan məharətlə istifadə edənlər isə xəbər saytının redaktorları idi. Çaşdırıcı və başlığı ilə məzmunu arasında ciddi şəkildə fərqlər olan xəbərlər saytda və onun rəsmi Facebook səhifəsində tez-tez paylaşılmışdır və çox təəssüflər olsun ki, bu, indi də davam etməkdədir. Azxeber.Com xəbər saytının qısa zaman ərzində böyük yüksəliş əldə etməsinin ən böyük təminatçısına gəldikdə isə, qısa araşdırma aparan hər kəs açıq-aşkar surətdə görə bilər ki, onun rəsmi Facebook səhifəsidir. Belə ki, müxtəlif yollarla səhifəyə onminlərlə üzv toplayan sayt rəhbərliyi səhifədə paylaşılan məlumatların vasitəsi ilə sayta müəyyən miqdarda ziyarətçi axını etməyə nail olur. Saytda yerləşdirilən informasiyalar əsasən, öyrədici və ya lazımlı məlumatlar kateqoriyasına daxil olmadığından, sayt rəhbərliyi əsas ziyarətçi kütləsinə rəsmi Facebook səhifəsi vasitəsi ilə seksual məzmunlu xəbərlər paylaşmaq yolu ilə nail olur. Bu, hətta səhifənin reklamı üçün "Azərbaycanın ən gözəl qızlarının 18+ fotoları səhifədə. Səhifəni bəyənin və baxın." sloqanından da aydın şəkildə bəlli olur. Təbii ki, erotik xarakterli məlumatlara maraq göstərən yeniyetmələr və gənclərin böyük bir qismi saytın Facebook səhifəsini bəyənib və orada paylaşılanları böyük bir maraqla izləməyə başlayırlar. Məhz bu yolla böyük ziyarətçi kütləsi qazanan səhifə və sayt rəhbərliyi tez-tez Azərbaycan xəbər saytları sırasında ön sırada olmağı ilə hələ bir fəxr də edir...
Sonda, mənim nəzərimdə Azxeber.Com xəbər portalı 10 xal üzərindən 1 xalla qiymətləndirdiyim bir xəbər saytıdır. Əminəm ki, mənim kimi minlərlə şəxsin də saytın fəaliyyəti haqqındakı fikirləri eynidir. Əslində bu kimi saytları zirvəyə endirmək də, yamaca salmaq da biz internet istifadəçilərinin əlindədir. Bu və başqa bu kimi xəbər saytları qeyri-ciddi fəaliyyətlərinə görə ifşa olunmalı və onların nə paylaşmasından asılı olmayaraq həmin ünvanlara daxil olunmamalıdır.

  
 
































ShareThis