Amerikalı Hogan ailəsinin üzvləri Erika və Mat Kaliforniyanın səs-küylü həyatından bezib Mərkəzi Amerika ölkələrindən olan Kosta Rikada özlərinə torpaq sahəsi almaq qərarına gəldilər. Almış olduqları torpaq sahəsi rəngarəng təbiəti ilə seçilən füsunkar mənzərəli meşədə yerləşən bir yerdir. Onlar heç bir ağacı kəsmədən, yəni təbiətin buraya bəxş etdiyi yaşıllıqdan heç nəyi dəyişdirmədən hündür ağaclardan birinin üzərində özlərinə sadəcə taxtadan ev düzəltdilər. Ev hazırlandıqdan sonra onun həm yuxarıdan olan mənzərəsi ilə, həm də insana müsbət enerji verən təbiəti ilə diqqətəlayiq bir yer olduğu bir daha aydın oldu. İndi isə orada daha bir neçə taxtadan ibarət tikililər vardır ki, bura kiçik kənd də demək olar.