2013/01/02

Torrent Sistemi Haqqında Hər Şey (Şəkil + Video İzahlı)

Torrent Nədir?

Torrent sisteminin ölkəmizdə internet istifadəçiləri tərəfindən istifadə olunması faizi aşağı dərəcədədir. Belə ki, çoxları ya "Torrent" anlayışının nə olduğunu bilmir, ya da bu barədə anlayışları olsa da, ondan istifadə qaydaları haqqında məlumata malik olmurlar. "Torrent"-in nə olduğunu anlamaq üçün, əvvəlcə "P2P" anlayışını başa düşmək lazımdır. "P2P" ingiliscə "peer two peer" sözlərinin qısaltması olub, mənası "məndən sənə" kimi tərcümə oluna bilər. Yəni, bir internet istifadəçisi kompyuterindəki hər hansı faylı başqaları ilə paylaşmaq istəyir. Bu zaman paylaşılan faylı başqa kompyuterdəki bir internet istifadəçisi yükləyir. O, yükləməni qurtardıqdan sonra, bir başqa internet istifadəçisi də, ondan yükləyir. Başqa biri də bundan yükləyir və s. Beləliklə, elə bir qarşılıqlı sistem meydana gəlir ki, hamı bir-birindən yükləməyə başlayır və bu yükləmə sisteminə çoxlu sayda internet istifadəçiləri qoşulduqca, nəticədə fayl daha geniş şəkildə yayılır və sürətli şəkildə yüklənilir. Haqqında danışdığımız bu sistem "Torrent" sistemidir. "Torrent" sistemi yarandığı ilk gündən internetin və internetdə olanların yalnız zəngin təbəqənin nümayəndələri üçün olmadığını sübut etdi. Yəni pulu olmasa da (filmlərə kinoteatrda baxmağa, musiqiləri satın almağa, oyunları satın almağa, elektron kitabları satın almağa və s.) internetdən insanların tam şəkildə istifadə edə bilməsi üçün imkan yaratdı.


"Uploader", "Leecher", "Seeder", "Hit-Run" anlayışlarının izahı

Uploader - kompyuterindəki hər hansı faylı paylaşan və onu torrent saytlarından birinə yerləşdirən şəxsdir.
Leecher -  uploader tərəfindən torrent saytına yerləşdirilmiş faylı kompyuterinə yükləyən şəxsdir.
Seeder - uploader tərəfindən torrent saytına yerləşdirilmiş faylı kompyuterinə artıq yükləyib qurtaran və başqalarının da ondan həmin faylı yükləməsinə icazə verən şəxsdir.
Hit-Run - bu anlayış o şəxslərə şamil olunur ki, onlar uploader tərəfindən torrent saytına yerləşdirilmiş faylı yüklədikdən sonra, seeder rolunu oynamaqdan imtina edirlər. Bu isə, Torrent sisteminin mövcudluğunu təhlükəyə salan və həmin faylın daha geniş kütlələr arasında paylaşılmasına əngəl törədən bir haldır. 
Torrent saytındakı hər hansı faylı yükləmək üçün kifayət qədər seeder və leecher olması vacib məsələdir. Əgər onlar az olduqda yükləmə prosesi zəif, olmadıqda isə ümumiyyətlə yükləmə etmək mümkün olmur. Ona görə də, torrent saytlarından istifadə edərkən, yüklənilmiş faylı mümkün olduğu qədər kompyuterinizdə saxlamağa çalışın və seeder rolunu oynamaqdan tez imtina etməyin. 


Torrent proqramları

Hazırda internetdə kiçik bir axtarışla bir neçə məhşur torrent proqramlarına rast gəlmək olar. Torrent proqramı, torrent saytından endirilmiş faylı yükləməkdə vasitəçilik edən proqramdır. Ən məhşur torrent proqramlarına, Utorrent, BitTorrent, Vuze, BitComet və başqalarını göstərmək olar. Hər birinin yerinə yetirdiyi funksiya eynidir. Şəxsən mənim istifadə etdiyim və hər kəsə məsləhət görəcəyim Utorrent proqramıdır. Həcminin az olması və istifadə qaydasının rahat olmasına görə dünyada milyonlarla insan bu proqramı üstün tutur. Proqramı buradan yükləyə bilərsiniz. Ödənişsizdir.


Utorrent proqramı haqqında

Proqramı kompyuterinizə yüklədikdən sonra, ona daxil olduqda qarşınıza aşağıdakı pəncərə çıxacaqdır. Bu, mənim istifadə etdiyim torrent proqramından bir görüntüdür. 4 filmi yükləmişəm və seeder rolunu oynamaqda davam edirəm. 4 filmin təxmini həcmi 3,2 GB olsa da, mən artıq təxminən 8 GB həcmində seeder rolunu oynamışam. Yəni, başqaları məndən bu filmləri dəfələrlə yükləyiblər. Bu həm seeder rolunu oynayan şəxs üçün qürurvericidir, həm də torrent sisteminin əsasını təşkil edir. Seeder yoxdursa, torrent sisteminin bir mənası olmur. Çalışmaq lazımdır ki, misal üçün, əgər filmin həcmi 700 MB-dırsa, siz 700 MB həcmində seeder rolunu oynayasınız. Heç olmasa siz başqasından yüklədiyiniz qədər, başqası da sizdən yükləyə bilsin. Proqram vasitəsi ilə yükləmiş olduğunuz faylın həcmi həddindən artıq çox olduqda, siz istədiyiniz vaxt onu dayandıra, başqa vaxt yenidən qaldığınız yerdən yükləməyə davam edə bilərsiniz.



Aşağıdakı şəkildə isə, istifadə etdiyim torrent proqramındakı statistika ilə tanış ola bilərsiniz. Belə ki, mən bu gün ərzində 373 MB həcmində seeder rolunu oynamışam. Gün ərzində cəmi 19,6 MB həcmində fayl yükləmişəm. Son 31 gün ərzində ümumi həcmi 82,1 GB olan torrent fəaliyyətim (kompyuterə yüklədiklərim, yaxud mənim kompyuterimdən yüklənənlər) olub. Ümumiyyətlə isə, 70,5 GB həcmində seeder rolunu oynamışam. Bunun müqabilində 67,8 GB həcmində fayl yükləmişəm. Seeder rolunda aktiv olduğum üçün, bu, proqram tərəfindən 1,039 xalla qiymətləndirilib. 1 xaldan yuxarı olduqda əla göstərici sayılır. Proqram kompyuterimə yükləndikdən bu günə kimi, 419 saat, 40 dəqiqə, 33 saniyə işləyib. Proqrama indiyə qədər torrent saytlarından yüklədiyim 65 fayl əlavə etmişəm. Ümumilikdə isə, proqrama 223 dəfə daxil olmuşam.
Onu da qeyd edim ki, torrent sistemindən yaxşı istifadə edə bilməyiniz üçün internet sürətinizin də normal olması önəmlidir. Məlumat üçün deyim ki, mənim internetimin sürəti 2 meqabitdir. Bu da torrent sistemindən istifadə edə bilməyim üçün kifayət edir.



Ən yaxşı torrent saytları hansılardır?

Torrent fayllarına ev sahibliyi edən bir çox saytlar var. Bəzi torrent saytları olur ki, ilk başlarda yaxşı fəaliyyət göstərsələr də, istifadəçilər tərəfindən seeder rolunu oynayanlar az olduğuna görə qısa zaman sonra istifadəyə yararsız hala düşür. Lakin illərdən bəri mükəmməl şəkildə fəaliyyət göstərən bir neçə torrent saytı var. İlk məsləhət gördüyüm və özümün də bir qayda olaraq istifadə etdiyim thepiratebay.com saytıdır. Son çıxan bütün filmləri, oyunları, kitabları, mahnıları, şəkilləri, bir sözlə hər şeyi buradan yükləyə bilərsiniz. Onu da deyim ki, bu torrent saytında paylaşılanların çox böyük hissəsi ingilis dilindədir. Əgər rus dilində paylaşılan torrent saytları ilə tanış olmaq istəyirsinizsə, onda buraya daxil olmağınız məsləhətdir. 74 məhşur rus torrent saytı siyahı üzrə verilmişdir. İstədiyiniz torrent saytını seçib oradan yükləmələr edə bilərsiniz. Məsləhətdir ki, bəzi məhşur torrent saytarında qeydiyyatdan keçib özünüzə məxsus istifadəçi adı ilə saytdan istifadə edəsiniz. Bəzən elə olur ki, torrent saytları yalnız sayt istifadəçilərinə saytdan tam şəkildə istifadə üçün şərait yaradır. Türk torrent saytlarına da toxunmaq istərdim. Təəssüf ki, türk torrent saytları məni qane etmir. Bir neçəsindən istifadə etmişəm. Seeder / Leecher demək olar ki, yox dərəcəsindədir, ya da müəyyən məbləğ ödədikdən sonra saytdan istifadəyə icazə verilir. Buna görə də türk torrent saytlarından istifadəni məsləhət görmürəm. 


Hər hansı faylı torrent sistemindən necə yükləmək olar?






Qeyd: Sonda bildirmək istəyirəm ki, bütün yazı, habelə şəkillər və video mənim beynimin məhsuludur. Zəhmətimə edəcəyiniz ən böyük hörmətsizlik mənbə göstərmədən bu yazını oğurlayıb başqa bir yerdə paylaşmağınız olar...

Qeyd: Sizi maraqlandıran məsələlər haqqında aşağıda şərh yazaraq sual verə bilərsiniz. Bütün sualları cavablandıracağam...

ShareThis