2012/12/11

Urmiya Gölünün Müasir Vəziyyəti (14 Şəkil)

Urmiya gölü Cәnubi Azərbaycan və İranın ən böyük gölüdür. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də həyatı ora ilə əlaqədar olan quşlara və başqa heyvanlara mәnfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən hazırda görülən tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, ekoloji fəlakətlər yaşanmayıb, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır. Əks təqdirdə ətraf aləm üçün həmin zona yaşamın qeyri-mümkün ola biləcəyi bir səviyyəyə gəlib çıxacaqdır. Gölün qurumaması üçün ildə ən azı 6,000,000,000m3 suya ehtiyacı vardır. Gölün bu suya olan tələbatı isə illərdir ödənilmədiyindən, gölün suyu ötən 10 ildə 6m dərinliyində aşağı düşüb. Gölün həcmi də buna müvafiq təxminən 20% azalıb. Gölün yarandığı zamandan bu yana bu kimi hal baş verməmişdir. Hətta vəziyyət o yerə gəlib çıxıb ki, göldəki 9 adadan beşi artıq suyun çəkilməsi nəticəsində quru səhtlə birləşiblər. Bunun nəticəsində də 120,000 hektar şoran torpaq (duz səhralığı) yaranıb. 

Gölün qurumasının iki başlıca səbəbinin olduğu güman edilir: 

1. Təbii səbəblər: Yağıntının azlığı. Gölün su səthi 2008-ci ildə 2007-ci illə  müqayisədə 18sm daha aşağı enib. Ancaq 2009-cu, 2010-cu və 2011-ci illərdə yağıntın çoxalmasına baxmayaraq, su səthi yenə azalıb və bu, kosmosdan çəkilmiş görüntülərdən də aşkar surətdə aydın olur. Məsələnin maraqlı yanlarından biri də ondan ibarətdir ki, İran sərhədinə çox yaxınlıqda yerləşən və Urmiya gölü ilə eyni tarixə və yaranma şəraitinə malik Türkiyə ərazisindəki Van gölünün suyunda azalma hiss olunmur.

2. Təbii olmayan səbəblər (antropogen təsir, siyasi amillər): Əkinçilik məqsədi ilə gölə tökülən çaylardan çoxlu əlavə kanallar çəkmək, onlar üzərində müxtəlif məqsədlər üçün su bəndləri salmaq, təsərrüfatda ərazinin ekologiyası nəzərə alınmadan bitkilərin əkilməsi, su quyularının çoxluğu ildən ilə bu gölün suyunun daha da azalmasına gətirib çıxarmışdır. Siyasi amillərə gəldikdə isə, məlum olduğu kimi, bu göl Cənubi Azərbaycanda azərbaycanlıların sıx məskunlaşdığı ərazidə yerləşir. Gölə qarşı İran hakimiyyəti tərəfindən ögey münasibətin göstərilməsində güman olunan səbəblərdən biri məqsədli şəkildə gölün qurudulmasına nail olmaq və ərazidə ekoloji böhranın baş verməsi ilə sıx şəkildə məskunlaşmış milyonlarla azərbaycanlının məcburiyyət qarşısında ölkənin dörd bir yanında pərən-pərən düşməsinə nail olunmaqdır. İran hakimiyyət orqanlarının zənnincə, belə olan halda, artıq növbəti onilliklərdə azərbaycanlıların daha sürətli şəkildə assimilyasiyaya uğramasına nail olmaq mümkün olar. Gölün su səviyyəsinin son illərdə azalması bu məsələnin siyasi amillərlə bağlı olma ehtimalını daha da artırır. ABŞ və Avropa tərəfindən İrana qarşı sərt mövqeyin nümayiş etdirilməsi, embarqolara məruz qoyulması və hətta bir neçə dəfə ABŞ konqresmenlərindən bəzilərinin İranın Şərqi Azərbaycan ostanının (vilayətinin) müstəqil Azərbaycan Respublikası ilə birləşdirilməsinin labüdlüyü məsələsini səsləndirməsi həqiqətən də İran hakimiyyət orqanlarında ölkənin parçalanmasının mümkünlüyü qorxusunu yarada bilər. Bu baxımdan da ərazidə ekoloji böhranın yaradılması ilə İran hakimiyyəti həm əhalinin siyasi məsələlərdən uzaq tutulmasına, həm də azərbaycanlıların say tərkibinin region üzrə azaldılmasına nail olmağı qarşıya bir məqsəd kimi qoymuş ola bilər. Bütün bunları nəzərə alaraq, Urmiya gölünün suyunun azalması və qabaqlayıcı tədbirlərin görülməməsi bunun öncədən məqsədyönlü şəkildə planlaşdırılmış bir mərhələ olması ehtimalını gücləndirir.

P.S. Aşağıdakı şəkillərdə həm Urmiya gölünün müasir vəziyyətini fotoqraflar tərəfindən çəkilmiş şəkillərlə, həm də Kosmosdan çəkilmiş görüntülərlə görəcəksiniz. Fərqi hiss etmək artıq sizin öhdəliyinizdədir...




















Kosmosdan Görüntülər


ShareThis