2011/07/07

Facebook'da Səhifəni "xakerlərdən" Necə Qorumaq Olar?

Facebook'da son vaxtlar Azərbaycanlı istifadəçilər arasında səhifə yaratmaq çox geniş yayılmışdır. Demək olar ki, hər adda, hər mövzuda səhifələrə rast gəlmək mümkündür. Lüzum olmadığı halda belə, eyni məzmunlu, hətta bəzi hallarda eyni adlı çoxlu sayda səhifələr yaradılır ki, həmin səhifələrin də bir çoxu qısa müddətdən sonra onlara olan marağın itməsi, yaxud səhifənin yenilənmə prosesinin çox zəif olması, ya da səhifənin ələ keçirilməsi nəticəsində istifadəsiz qalır. 


Ancaq Facebook'da azərbaycanlı istifadəçilər tərəfindən yaradılmış bəzi maraqlı səhifələr var ki, həmin səhifələrin fəaliyyətini hər hansı səbəbdən dayandırması böyük itki olardı. Son zamanlar istifadəçilərin sayının sürətlə artması və ciddi maraq göstərdikləri səhifələrdən daha çox yenilənmə tələb etmələri səhifənin yaradıcı adminini də yeni köməkçi adminlər axtarışına çıxmağa vadar edir. Ətrafındakı insanlardan həmin səhifəyə admin ola biləcək, onun qayğısına qala biləcək birini tapmadıqda, məcburən o, bir çox hallarda elə səhifənin özündən səhifəyə daha çox maraq göstərən istifadəçilər arasından admin seçimi edir...
Əvvəlki illərdə Facebook'da yaradılan səhifələrdə səhifə yaradıcıları digər adminlər tərəfindən silinə bilmirdi. Lakin nədənsə bu mövzuda Facebook'a daxil olan saysız-hesabsız şikayətlərdən, narazılıqlardan sonra, Facebook bu qaydanı ləğv etməli oldu. Çünki Facebook'dan müəyyən gəlir edən yüzminlərlə insan vardır. Onlar müxtəlif şirkətlər üçün, yaxud saytlar üçün, habelə ayrı-ayrı tanınmış fiziki şəxslər üçün "fan page" yaradır və daha sonra səhifəni inkişaf etdirdikdən sonra müəyyən haqq müqabilində həmin şirkətə və ya sayt sahibinə, ya da həmin fiziki şəxsə satırlar. Təbii ki alıcı da aldığı "fan page" -də söz sahibinin təkcə özünün olmasını istəyir və yaradıcı admin silinə bilmədikdə bu alıcı üçün daim narahatlıq doğurur, çünki hər an yaradıcı admin vədi poza və satmış olduğu səhifəni yenidən ələ keçirə bilər. Bu ildən isə Facebook bu qaydanı ləğv etdi. Artıq admin edilən hər kəs digər adminləri, həmçinin yaradıcı admini asanlıqla səhifədən kənarlaşdıra bilər. Bu isə, Facebook'da dələduzların əlinə yaxşı fürsət verdi. Onlar özlərini etibarlı göstərdikləri səhifə yaradıclarından admin statusu alır, qısa müddət sonra isə yaradıcı admini silir və səhifəyə təkbaşına yiyələnirlər. Bir çox hallarda isə, səhifənin yaradıcı admininə məktub yollayaraq səhifəni ona geri vermək üçün müəyyən haqq da tələb edirlər. Başqa ehtimalla isə, səhifədə müxtəlif saytlara yönləndirilən linklər paylaşır və insanları həmin sayta gətirərək, saytın ziyarətçi axınını bu yolla yüksəldirlər. Hər bir halda pis vəziyyətdə qalan isə, təbii ki, səhifənin üzvləri olur..
İnternetdə araşdırma apardıqda görmək olur ki, Facebook nədənsə bu sahədə elə bir ciddi addım atmır. Səhifəni belə nankor adminlərdən qorumaq üçün hal-hazırkı şəraitdə heç bir imkan yoxdur. Yeganə variant kimi, səhifəyə admin kimi rəhbərliyi yalnız və yalnız tanıdığınız və güvəndiyiniz adamlara verməlisiniz...
Facebook-da səhifələrin oğurlanması yönündə ən geniş yayılmış yol isə guya rəsmi Facebook email adreslərindən birinin admin kimi əlavə olunması və bu yolla səhifənin birbaşa Facebook'un rəsmi müdafiəsi altına keçməsi görüntüsünü yaratmaqdır. Əslində siz bu hiyləyə inanıb, səhifəyə həmin admini əlavə etdiyiniz təqdirdə, birbaşa həmin email adresi ilə sizi aldadan şəxsə adminlik vermiş olursunuz və o, rahatlıqla dəqiqələr içində səhifədən digər adminləri silib, ona təkbaşına rəhbərliyi ələ keçirdir. Facebook'un nə rəsmi, nə də qeyri-rəsmi belə bir xidməti yoxdur. Bu sadəcə saxta "xakerciklərin" saxtakarlıqlarından başqa bir şey deyil. Bu kimi saxta yollara inanıb, səhifənizi oğurlatmayın... ;)
Sonda bir şəkil də təqdim etmək istərdim, bu şəkildə həmin "xakercik" özü-özünü, necə deyərlər, "təkərə salır."

Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis