Facebook'a Bənzər Ən Maraqlı Saytlar
Çox adam belə düşünür ki, Facebook internet tarixindəki ən əvəzedilməz saytdır. Özlərinə görə onlar 100% haqlıdırlar. Hətta Facebook'a Google'dan daha çox önəm verən yüzminlərlə insan var. O qədər insan var ki, onlar həftələrlə, aylarla Google'dan istifadə etməsələr belə, Facebook'suz keçən günləri olmur. Ancaq hələ də elə insanlar var ki, onlar Facebook'dan daha çox xidmət gözləyir, daha fərqli bir şeylərin olmasını istəyirlər. Bir müddət sonra isə bu eynilik onları sıxır və Facebook artıq elələri üçün ən maraqlı saytdan ən darıxdırıcı bir sayta çevrilir. Bu zaman da belə bir sual meydana çıxır: "Görəsən, Facebook qədər maraqlı olan və ona bənzəyən başqa saytlar da mövcuddurmu?"" - Cavab: "Bəli, yüzlərlə belə sayt vardır".
Əsasən də, bu saytları o insanlar istifadə edir ki, onlar internetdə tanış olmağı xoşlayırlar. yaxud dil öyrənmək üçün yeni dostlar axtarışındadırlar, yaxud Facebook'dan bezmişlər və bir müddət yeni bir tanışlıq saytında və ya sosial şəbəkədə boş vaxtlarını keçirdirlər...
6 Şəkil
Hmm, əgər siz də Facebook'u bəyənirsinizsə, 100% aşağıdakı saytları da bəyənəcəksiniz: :)
* www.bolt.com
* www.livejournal.com
* www.imvu.com
* www.bebo.com
* www.opendiary.com
* www.xanga.com
Bu saytların heç də hər biri eyni deyil. Hər biri həm xarici görünüşləri ilə, həm də təklif etdikləri xidmətlərlə bir-birindən xeyli fərqlənirlər.
İndi isə yuxarıda adları sadalanan hər sayt haqqında onların şəkillərini göstərməklə bərabər, haqqlarında qısa məlumat da vermək istərdim!
www.bolt.com - Bu saytda siz şəkillərinizi, həmçinin maraqlı videolarınızı sayta yükləyə, başqaları ilə paylaşa bilərsiniz. Bundan əlavə, digər istifadəçilərin də profillərinə girib onların şəkilləri ilə, videoları ilə tanış ola bilməklə yanaşı, habelə profillərində yerləşdirdikləri bəyəndikləri mahnıları da dinləyə bilərsiniz.
www.livejournal.com - Bu sayt bir çox məqsədlər üçün də istifadə oluna bilər. Belə ki, siz bu saytı özünüzün şəxsi xatirə dəftəri kimi istifadə edə bilərsiniz. Bundan əlavə, həm də şəxsi bloqunuzu yaradıb, ağlınızdan keçənləri, düşündüklərinizi, fikirlərinizi burada başqaları ilə paylaşa bilərsiniz. Digər bir xüsusiyyəti isə forum kimi istifadə edə bilərsiniz, yəni ya öz ölkənizdən, ya da başqa ölkələrdən olan minlərlə istifadəçi ilə birlikdə müzakirələrə qatılıb, hər hansı mövzu ətrafında öz fikirlərinizlə çıxış edə bilərsiniz.
www.imvu.com - Bu saytın təklif etdiyi xidmət də çox maraqlıdır. Saytda qeydiyyatdan keçdikdən sonra, dünyanın bir çox ölkələrindən başqa istifadəçilərlə canlı, birbaşa ünsiyyət yaradıb söhbət edə bilərsiniz. Xüsusi ilə, xarici dil öyrənmək istəyənlər üçün və yeni tanışlıqları sevənlər üçün maraqlı bir sayt olacaqdır. Dünyada ən çox sevilən saytlardan biri olduğunu da demək istərdim. Belə ki, Facebook'dakı səhifəsinin iki milyondan çox üzvü var.
www.bebo.com - Bu sayt sırf sosial şəbəkə xarakterli saytdır. Belə ki, bu sayt vasitəsi ilə öz istəyinizlə yalnız öz yaxınlarınızın, dostlarınızın, ailənizin üzvləri arasında, yaxud da başqaları ilə rahat şəkildə ünsiyyət qura və əlaqə yarada bilərsiniz.
www.opendiary.com - Bu sayt da tamamilə pulsuz olan və bir çox xidmətlər təklif edən maraqlı bir saytdır. İstifadəçilərinə hər hansı mövzü, yaxud məsələ haqqında söhbət etməyə, müzakirələr etməyə şərait yaratmaqla bərabər, istifadəçilərin bir-biri ilə dost olub nələri isə paylaşa bilmələri üçün də imkan verir.
www.xanga.com - Bu sayt geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmuşdur. Xeyli sayda da istifadəçisi var. Şəxsən mənim ən bəyəndiyim saytlardan biridir. :) İstifadəçilərinin böyük hissəsinin ingilis dilli olmasına baxmayaraq, ingilis dilini bilənlər və ya öyrənmək istəyənlər üçün çox əyləncəli olacağına əminəm. Bu sayt da online jurnal və ya bloq stilində qurulmuşdur. Bu sayt vasitəsi ilə şəxsi gündəliyinizi, xatirələrinizi öz səhifənizə yazıb başqaları ilə paylaşa bilərsiniz və əmin də ola bilərsiniz ki, hər zaman sizin fikirlərinizə öz fikrini bildirən biriləri olacaq. :)
Və sonda... Bu saytlar Facebook'a bənzəyən, ancaq Facebook'un təklif etdiyi xidmətlərdən fərqli xidmətlərlə çıxış edən maraqlı sosial şəbəkələrdən, tanışlıq saytlarından sadəcə bir neçəsidir...
Qeyd: Onu da qeyd edim ki, internetdə bəlkə də minlərlə sosial şəbəkə və tanışlıq saytı fason saytlar var. Yaxşı olardı ki, həmin saytları internetde araşdırmamış, təhlükəsizliklərinə əmin olmamış üzv olmayasınız. Üzv olsanız belə, imkan daxilində şəxsi məlumatları az göstərin. Çünki, sosial şəbəkələrə və tanışlıq saytlarına hər zaman çox böyük maraq olduğundan bir çox dələduzlar da bu yolla belə saytlar yaradaraq insanları aldadır və onlara məxsus şəxsi informasiyaları ələ keçirdirlər. Hər nəysə, onsuz da bizim qızların əksəriyyəti it-pişik şəkillərindən başqa, oğlanların əksəriyyəti isə, maşın və silah şəkillərindən başqa bir şəkil qoymurlar internetə... :)
Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...