İnternetdə xəbərləri oxuyurdum birdən qarşıma "Azərbaycanda silah əldə etmək nə qədər asandır?" başlığı altında bir məqalə çıxdı. Maraqlı gəldi daxil oldum. Xoşuma gəldi yazılanlar, çünki elə mən də daxil olmaqla, çoxlarının bilmədiyi, lakin həmişə bilmək arzusunda olduğu bir məsələyə toxunulmuşdu. Hazırda ölkədə vətəndaşlarda odlu silah görmək demək olar ki, mümkün deyil. Silahları yalnız televizordakı filmlərdə, ya da kompyuterdəki oyunlarda görə bilirik. Şəxsən mən özüm axrıncı dəfə odlu silahı əsgərlikdə görmüşəm. Nəysə, keçək mətləbə. Məqaləni oxuduqdan sonra, istədim sizinlə də paylaşım, qanunda yazılanlardan xəbəriniz olsun. Bütün məqaləni yox, ancaq ixtisarla önəmli bildiyim yerləri burada qeyd edəcəyəm...
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 18 yaşına çatmış vətəndaşlar mülki silah əldə edə bilərlər. Bunun üçün şəxs yaşadığı ərazidə polis orqanından və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsindən yalnız 6 (altı) ay üçün verilən xüsusi icazə almalıdır. İcazə üçün sənədlər isə, müvafiq ərizədən, şəxsiyyət vəsiqəsindən, fotoşəkildən, tibbi arayışdan ibarətdir. Bununla yanaşı, şəxsin məhkumluğunun olmaması da vacib məsələdir. Mülki silahlar şəxslərə onlar ovçuluq cəmiyyətlərinin üzvü olmasalar belə verilə bilər. Ovçuluq silahlarının qiyməti təxminən 600-10000 manat arası dəyişir. Silahlar əsasən, Bakı və Sumqayıt şəhərlərində özəl mağazalarda satılır.
Qanunvericilik deputatlara, icra hakimiyyəti orqanlarının yüksək vəzifəli şəxslərinə də xidməti silah əldə etmək imkanı verir. Lakin odlu silaha sahib olmaq, heç də o demək deyil ki, ondan istənilən zaman istifadə edilə bilər. Xüsusilə, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə odlu silahlardan istifadə olunmamalıdır. Bununla yanaşı, zəruri müdafiə həddini aşmamaqla, şəxs odlu silahdan özünü, yaxud başqasını qorumaq məqsədi ilə istifadə edə bilər. Kütləvi basqınlar, hücumlar, qəsdən sağlamlığa ziyan vurma halları olduqda şəxs odlu silahdan istifadə edə bilər və belə hallarda şəxsin odlu silahdan istifadə etməsi məsuliyyətə səbəb olmur (zəruri müdafiə həddini aşmadığı təqdirdə).
Xüsusi icazə əsasında verilmiş silah vətəndaşdan geri də alına bilər. Belə ki, şəxs spirtli içkilərə qurşanıbsa, narkotik maddələr qəbul edirsə, ruhi xəstəliyə düçar olubsa, o, özünü normal idarə edə bilmədiyindən şəxsdən silah geri alınır.
Daxili İşlər Nazirliyindən təqdim olunan bu ilin birinci yarısına aid statistikaya əsasən, vətəndaşlardan 582 odlu silah müsadirə olunmuşdur.
Ümumiyyətlə isə, xidməti və mülki silahlar haqqında olan normalar Azərbaycan Respublikasının "Xidməti və mülki silahlar haqqında" Qanununa əsasən tənzimlənir. Qanun 24 maddədən ibarətdir, 1997-ci ildə qəbul olunmuşdur, 2008-ci ilə qədər isə dəyişikliklər və əlavələr edilmişdir. Qanunla daha yaxından tanış olmaq istəyənlər onu buradan yükləyə bilərlər.