Yəqin ki, hər biriniz məhşur Somali dəniz quldurları haqqında eşitmisiniz. Lakin onu deməliyəm ki, burada yaşayan insanlar dənizdən sadəcə müxtəlif ölkələrin bayraqları altında üzən gəmilərə hücum edərək onu ələ keçirib talan etmək məqsədi ilə istifadə etmirlər. Belə ki, Afrika qitəsinin şərq hissəsində yerləşən bu ölkənin Hind okeanına böyük çıxışı vardır. Uzun illərdir ki, insanlar kustar üsullarla hazırlanmış ovçuluq alətlərindən istifadə edərək xeyli sayda balıq tuturlar və bu, onların gündəlik yaşaması üçün lazım olan qidanı, həm də onun satışından əldə olunmuş az miqdarda da olsa pulu təmin edir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Somali balıqçıları müxtəlif ölçülü dəniz canlılarını uğurlu şəkildə yaxalaya bilirlər, hətta bəzən tora düşmüş bu canlıların bir hissəsini də təhlükəli dəniz canlısı hesab olunan akulalar təşkil edir.