Ailə həyatı qurmuş birinin cinsi həyata marağı
olmamasından daha pis heç bir şey ola bilməz. Bəzi hallarda bu vəziyyətdən
kişilər, bəzi hallarda isə həyat yoldaşının ona qarşı qeyd olunan məsələdə
laqeydlik göstərməsindən qadınlar əziyyət çəkirlər. Hər bir halda, bu cür
problemi olan bir ailənin iztirablı ailə həyatı olduğu dəqiqdir. Əksər insanlar
həyat yoldaşlarındakı bu anormal halın aradan qaldırılması üçün, yaxud onun ən
azından normal cinsi aktivliyini geri qaytarmaq üçün mümkün olan hər bir şeyi
edirlər və bu siyahıya da ilk növbədə fiziki və psixoloji müalicələri daxil etmək
olar. Təəssüf ki, müalicə bir nəticə vermədikdə artıq tərəflərdən biri, yaxud hər
ikisi boşanmaq haqqında düşünməyə başlayırlar və bu da son nəticədə böyük ümidlərlə
qurulmuş daha bir ailənin məhv olmasına gətirib çıxarır. Lakin bilməlisiniz ki,
əgər sizin həyat yoldaşınızın cinsi əlaqəyə marağı hər hansı bir səbəbdən
yoxdursa, bu, onu yarı yolda buraxaraq boşanmanız üçün əsaslı bir göstərici
olmamalıdır. Diqqət yetirməli bəzi şeylər var ki, əgər onları etsəniz bəlkə də
bu, sizin boşanmaq fikrinizdən daşınmanıza, hətta həyat yoldaşınızın seksual
istək probleminin aradan qalxmasına kömək edəcəkdir.
Hər şeydən öncə, siz dəqiqləşdirməlisiniz
ki, sizin ailə həyatı qurduğunuz insan həqiqətən də intim həyata heç bir maraq
göstərmir, yoxsa siz cinsi əlaqə zamanı həyat yoldaşınızdan daha çox “fədakarlıq”
gözləyirsiniz. Onu da nəzərə almalısınız ki, cinsi əlaqənin olmadığı bir ailə həyatı
dedikdə, ailədə ailə başçıları arasında bu aktın ümumiyyətlə həyata keçirilməməsi
nəzərdə tutulur. Əgər siz bir neçə ayda cəmi bir-iki dəfə həyat yoldaşınızla
cinsi əlaqədə olursunuzsa, bu cinsi əlaqənin olmadığı bir ailə həyatı yox, fərdlər
arasında intim münasibətlərin o qədər də normal olmadığı bir ailə həyatıdır.
Normal bir evliliyin birdən-birə, yaxud
tədricən belə bir vəziyyət almasının bir çox səbəbləri ola bilər. Gəlin, o səbəblərdən
ən çox rast gəlinənləri ilə tanış olaq: 1) Həddindən artıq işlərinizin olması,
yaxud nizamsız iş həyatınızın olması; 2) Həyat yoldaşınızla ünsiyyət qurmaqda çətinlik
çəkməyiniz; 3) Həyat yoldaşınıza olan etibarınızın itməsi; 4) Ailənizdə olan maliyyə problemləri; 5) Əsəbi həyat tərzi keçirməyiniz, yaxud
tez-tez depressiyalara qapılmağınız; 6) Uşaqlarınızın ehtiyaclarını ödəməkdən
intim münasibətlərə zaman ayıra bilməməyiniz; 7) İntim əlaqə zamanı bir-birinizi lazımı
qaydada anlaya bilməməyiniz; 8) Yaşlanmağınız; 9) Cinsi əlaqəyə olan marağınızın itməsi; 10) Sağlamlığınıza diqqət yetirməməyiniz nəticəsində
sizə günlük həyatınızda çətinliklər yaradan hər hansı bir xəstəliyə
yoluxmağınız.
Göstərilənlər normal cinsi həyatı olan
bir ailənin intim aktların ümumiyyətlə olmadığı bir həyata çevrilməsinə gətirib
çıxaran ən başlıca səbəblər idi. Bununla yanaşı, bəzi başqa səbəblər də bu cür
arzuolunmaz halın yaranması ilə nəticələnə bilər. Məsələn, ailədə fərdlər
arasında cinsi əlaqənin həyata keçirilməsi üçün əsas kimi çıxış edən sevgi
hissindən əsər əlamətin olmamasını buna aid etmək olar.
Yeri gəlmişkən, qeyd olunan məsələyə
dair bəzi maraqlı faktlarla da tanış olun: a) Amerika Birləşmiş Ştatlarındakı Əhalinin
Sağlamlığı və Sosial Həyatı idarəsinin statistikasına əsasən, məhkəməyə boşanma
ərizəsi ilə müraciət etmiş şəxslərin 2%-i həyat yoldaşı ilə cinsi əlaqədə ola
bilmədiyini əsas göstərir. b) Hər gün xeyli sayda ailə fərdlər
arasında cinsi əlaqənin olmaması səbəbindən edilmiş şikayət əsasında məhkəmələrin
qərarı ilə dağılır. c) İntim həyatın olmadığı ailələrdə cinsi əlayə
maraq göstərməyənlərin əksər hissəsini qadınlar yox, kişilər təşkil edir. d) Ailə başçıları arasında cinsi həyata
marağın olmaması istənilən yaş dövründə yarana bilər. Bu halın yalnız yaşlı
insanlar arasında baş verməsi fikri düzgün deyil. e) İntim həyatın sıfıra bərabər olduğu ailələrin
çoxu mövcudluğunu qoruyub saxlaya bilməyərək dağılır.
Bu problemi yaşayanların əksəriyyəti
onun aradan qaldırılmasının qeyri-mümkün olduğunu düşünüb həyat yoldaşlarının
intim həyata dair olan anormal münasibətindən bezərək boşanmağa qərar verirlər.
Bir şeydən əmin olmalısınız ki, bu olduqca yanlış bir addımdır. Siz ailənizi
qoruya bilərsiniz. Uzun illər ərzində özünü doğrultmuş, çoxlu sınaqlardan
keçmiş bəzi xırda məsləhətlər vardır ki, hələ də əhəmiyyətini itirməmişdirlər və
ailə həyatınızın normal axarında getməsinə böyük kömək edə bilərlər. Bəzi
cütlüklər bəhs edilən arzuolunmaz hal ucbatından belə məsləhətlərə əməl etməyi ya
unudurlar, ya da heç fikirləşib tapa bilmirlər və buna görə də evlilik dönəmlərində
heç olmasa bir dəfə də tətbiq etmə imkanları olmur. Sonra peşman olmamaq və ailə
həyatınızı qorumaq məqsədi ilə aşağıda göstərilənlərə diqqətli şəkildə nəzər
salın: a) Həyat yoldaşınızla şam işığında romantik
bir axşam yeməyi yeyin; b) Həyat yoldaşınızla ehtiraslı söhbətlər
etməyə çalışın; c) Həyat yoldaşınızla erotik xarakterli
filmlər izləməyə çalışın; d) Həftə sonlarını və boş zamanlarınızı
imkan daxilində evdən uzaq baş-başa keçirməyə çalışın; e) Həyat yoldaşınızla seksual xarakterli
fantaziyalarınızı paylaşmağa çalışın; f) Yataq otağınızdan diqqət yayındıran hər şeyi,
o cümlədən televizoru kənarlaşdırın.
Qeyd etmək lazımdır ki, həyat
yoldaşınızın intim əlaqəyə heç bir marağı yoxdursa, bu zaman ən böyük məsuliyyət
ilk növbədə sizin üzərinizə düşür. Belə ki, onunla onun bu vəziyyətdə olmasına
səbəb olan amillər barədə münasib bir zamanda, sakit halda söhbət etməyə
çalışın. Qəti şəkildə söhbət əsnasında onu bu mövzuda özündən çıxaracaq söz və
ifadələr işlətməyin və ya onun üzərinə çox gedib qəlbini incitməyin, çünki bu,
vəziyyəti daha da çıxılmaz edə bilər. Qarşılıqlı söhbət zamanı ona qarşı mehriban,
səmimi və dürüst olmağı da unutmamalısınız. Onu razı sala bilsəniz, əgər
seksual istəyinin olmaması fiziki problem deyilsə, bu məsələ ilə əlaqədar bir
psixoloqa görünməyinizdə də fayda ola bilər. Lakin nəzərə almalısınız ki, bunun
da bəzi neqativ cəhətləri vardır: a) Psixoloji müalicə lazımı nəticə verməsi
üçün uzun zaman tələb edir və bu müalicə nəticə verməyəcəyi təqdirdə, həyat
yoldaşınızın əsəbi sarsıntılar keçirməsinə səbəb ola bilər; b) Psixoloji müalicə müəyyən xərc tələb
edir və maddi imkanı aşağı olan şəxslər üçün bu, çətinlik yaradır; c) Psixoloji müalicə zamanı həm həyat
yoldaşınızın, həm də sizin ona mənəvi dəstək olmaq üçün bir yerdə olmağınız məqsədəuyğundur; d) Psixoloji müalicə heç də bütün cütlüklər
üzərində dəqiq şəkildə nəticə verməyə bilər.
Həyat yoldaşınızın seksual istəyi yox dərəcəsindədirsə,
siz “Zaman ən yaxşı dərmandır” deyərək, həyatınıza hər zamankı kimi davam etməməlisiniz.
Çünki zamanın da düzəldə bilmədiyi şeylər olur ki, hansı ki bu sonra ailənizin
dağılması ilə nəticələnərək sizə baha başa gələ bilər. Ona görə də, problem
yarandığı andan, yaxud problemi siz aşkar etdiyiniz vaxtdan onun aradan
qaldırılması üçün imkanlarınız daxilində nə mümkündürsə etməlisiniz. Bəzi
insanlar bu məsələyə vaxtında önəm verməyərək laqeyd yanaşırlar, yaxud həyat
yoldaşlarının cinsi əlaqəyə maraq göstərməməsi onları susmaqla müşayiət olunan
dərin üzüntüyə salır və bu “sakitlik” daha sonralar ailədə boşanma ilə nəticələnən
xaos yaranmasına gətirib çıxarır.
Sonda, ailənizi
sevin və onun mövcudluğunu nə bahasına olursa olsun qoruyun. Unutmayın, əgər
ailə saf məhəbbət və qarşılıqlı inam və hörmət üzərində qurulmuşdursa, ailə
başçılarının öhdəsindən gələ bilməyəcəkləri problem yoxdur...
P.s. Məqaləni tam bir gecəmi sərf edərək şəxsən tərcümə edib bəzi düzəliş və əlavələr edərək bloqumda yerləşdirdim. Əgər bu məqaləni başqa bir səhifədə yayımlamaq və bu tipli maraqlı məlumatların ardının gəlməsini istəyirsinizsə, mütləq mənbəyə istinad edin əks halda əziyyətimi halal etmirəm... :)