2012/12/29

Google'un Lənətinə Gəlmiş Bloqum

Bir neçə gün bundan öncəsinə kimi bloqumda hər şey qaydasında idi. Hər şey qaydasında idi deyəndə, əsas bloquma gələn ziyarətçi sayını nəzərdə tuturam. Yəni kifayət qədər axtarış saytlarından, xüsusilə də Google'dan bloquma təşrif buyuranlar olurdu. Lakin son günlər bloqumda ciddi şəkildə ziyarətçi azalması hiss edirəm. Hətta iş o yerə çatıb ki, bloquma dəqiqələrcə heç kim "gəlib-getmir." Təbii ki, bu da adamın kefini pozur. Heç kim istəməz ki, öz yerləşdirdiyi məlumatlara elə özü baxıb dursun. Onları yerləşdirəndə kimlərinsə  həmin məlumatı oxuyacağını, oxuyan adam paxıl olmasa başqaları ilə də paylaşıb özü də bilmədən saytın az-çox inkişafına, tanınmasına kömək edəcəyini ümid edirsən. Bloqu təzə-təzə yaradanda elə bu ümidlərlə yaşayırdım, doğrusu..

Bloqu yaradandan qısa müddət sonra əsgərliyə getdim. Ona kimi kifayət qədər məlumat yerləşdirmişdim. Onu da deyim ki, yerləşdirdiyim məlumatların böyük əksəriyyəti orginal məzmunlu idi. Xoşlamıram AzNet'in saysız-hesabsız saytları, bloqları kimi kiminsə yazdıqlarını, başqa sözlə zəhmətini əkişdirib (oxu:oğurlayıb) öz adımdan, sanki özümünkü kimi paylaşmağı, hələ utanmaz-utanmaz başqalarından təşəkkür qəbul etməyi. Alışmamışam mən buna, nə vaxtsa da öyrəşməyim mümkün deyil. Nəysə, gələk əsgərliyimə. Xidmətdə olduğum 1 il müddətində bir neçə dəfə gün buraxılışlarına çıxmağıma izin verildi. İnterneti çox sevdiyimdən elə ilk işim də Gəncə şəhərindəki internet klublardan birinə getmək və təbii ki, bloqumun statistikası ilə tanış olmaq oldu. Statistikalara baxanda gözlərimə inanmadım, həqiqətən də böyük irəliləyiş olmuşdu. Bloqum 1-2 həftəlik olanda 5-10 adam gəlirdisə, artıq bu rəqəm 150 nəfəri ötmüşdü və bloquma daxil olanların çox böyük əksəriyyətini Google'un "day-daylığı" hesabına əldə edirdim. Google'un həqiqətən orginal məzmunlu, zəhmət çəkilərək hazırlanmış məqalələrə, yazılara önəm verdiyini bir daha anladım həmin gün. Başqa vaxtlarda da şəhərə gün buraxılışları zamanı çıxanda bloqumun ziyarətçi sayında hər dəfə müəyyən inkişafın olduğunu görürdüm. Əsgər adam üçün bu böyük sevinc idi, hərbi hissədə adamı sevindirən bir şey olmur onsuz. :) Xidməti bu ilin iyulunda bitirdim gəldim evimə-eşiyimə. Nəsə bloqa əvvəlki marağı göstərmədim. Tənbəllik etdim, ya da sadəcə əsgərliyin yorğunluğunu kompyuter başında cümlələr fikirləşib yazmaqla əvəzləmək istəmədim. Nəticədə, hərbi xidmətdə olduğum müddətdə "Page Rank"i 2 olmuş bloqumun səviyyəsi 0 dərəcəsinə düşdü. Buna çox kefim pozuldu. Necə deyərlər, müsəlmanın sonrakı ağlı. Başladım yenidən bloqa maraq göstərməyə, xarici saytlardan maraqlı şəkillər, məlumatlar tərcümə edib, qırağına da öz mülahizələrimi dürtüb bloqda yerləşdirməyə. Qısa müddət sonra yenidən bloqun ziyarətçi axınında müsbət dəyişiklik olduğunu gördüm, ancaq səviyyə o gündən bu günə qalxmadı ki qalxmadı. Səviyyəsi aşağı olan bloquma, buna baxmayaraq, Google öz dəstəyini əsirgəmədi. Hətta bəzi günlər bloqa 400 nəfərdən çox ziyarətçi də gəldi. Bunun çox böyük hissəsi isə Google'un söz / şəkil axtarış sistemi vasitəsi ilə gələnlər idi. Bizim internet istifadəçilərində paylaşmaq anlayışı zəif inkişaf etdiyindən sosial şəbəkələrdən gələnlər cüzi sayda olub onsuz həmişə. Bir hissədi də, başqa axtarış saytları və bloqun inkişafına dəstək olan, lakin bu günlərdə fəaliyyətini dayandıran www.nice.az saytı idi. Saytın rəhbəri sağolsun, bloqumun linkini yerləşdirmişdi "Dostlar" başlığı altında, oradan da az-çox ziyarətçi gəlirdi. Beləcə, həftələr keçdi, aylar ötdü və gəldik çıxdıq Dekabr ayına. Dekabr ayı bloqum üçün çox acınacaqlı bir ay oldu. Bir neçə səbəbi var idi bunun da. Birincisi, bu ayda nəsə mənim əlim dinc dayanmadı və bir neçə dəfə bloqun kodları ilə, teması ilə oynadım. İkincisi, bəzi qarşılıqlı link mübadiləsi xidmətini təklif edən saytlardan istifadə etdim. Bu, həmin vaxtlara təsadüf etdi ki, sən demə, həmin günlərdə Google axtarış sistemində dəyişikliklər, yeniliklər edirmiş. Başqa sözlə, Panda adı verilən yeni axtarış sistemi vasitəsi ilə saytda axtarış həyata keçirilərkən ən mükəmməl nəticələrin ön səhifədə çıxmasını təmin etməyə çalışırmış. Dəqiq kodlanma sistemi olmayan, orginal məzmuna malik olmayan, müəllif hüquqlarının pozulduğu, "copy-paste" tipli, link mübadiləsi xidmətindən istifadə etmiş saytlar və bloqlar hansısa açar sözlərdə inhisarçılıq eləsələr belə, Google'a olan etimadlarını yuxarıda sadaladığım səbəblərdən birinə və ya bir neçəsinə görə itirdiklərindən, artıq onlara məxsus açar sözlər axtarış zamanı sonrakı səhifələrdə çıxmağa başladı. Bu da son nəticədə özünü həmin sayt və ya bloqların ciddi şəkildə ziyarətçi azalması problemini yaşamasına gətirib çıxarmasında göstərdi. İnternetdə biraz araşdırma apardım, gördüm ki, son günlər ciddi ziyarətçi azalması yaşayan bir çox sayt, bloq var. Hətta bəziləri küsüb bir daha Google'dan istifadə etməyəcəklərini, əvəzində başqa axtarış saytlarından yararlanacaqlarını da yazmışdılar. Buna baxmayaraq, mən ümidimi itirməmişəm. Yenidən bloqumun üzərində çalışacam, əziyyət çəkəcəm, inanıram ki, Google bu zəhmətin qarşılığını bir il bundan qabaq verdiyi kimi yenə də verəcək. Fikrimi belə yekunlaşdırmaq istərdim ki, Google'un öz ədalətli qaydaları var və o qaydalardan kənara çıxmaq olmaz. Qaydalardan kənara çıxmaq kimi niyyəti olanların da, tez-gec saytı, yaxud bloqu mənim bloqumun hazırkı aqibətini yaşayacaq.

ShareThis